Argentina Futbol Assosiasiyası ölkə futbolunda inqilabi xarakterli
qərar qəbul edib.
Xəbərin.az xəbər
verir ki, "The Athletic"in məlumatına görə, qurum yekdilliklə yeni
qaydanı təsdiqləyib. Qərara əsasən, ilk peşəkar müqaviləsini vətənində
imzalamadan ölkəni tərk edib xarici klublara üz tutan futbolçular Argentina
millisinin heç bir yaş qrupu üzrə komandasına çağırılmayacaq.
Qurumun
bu addımı atmaqda əsas məqsədi yerli klubları Avropa nəhənglərindən qorumaqdır.
Federasiya hüquqi boşluğun qarşısını almağa çalışır. Belə ki, mövcud
qanunvericiliyə görə, valideynlər 18 yaşına çatmamış övladlarının harada
yaşayıb işləyəcəyinə qərar verə bilər. Avropa klubları isə bundan istifadə
edərək gənc istedadları transfer haqqı ödəmədən, yalnız cüzi yetişdirmə
kompensasiyası qarşılığında ələ keçirirlər.
Bu
sərt qərarın verilməsinə son təkan "River Pleyt"in 16 yaşlı kapitanı
Lukas Skarlatonun qalmaqallı şəkildə İtaliyanın "Parma" klubuna
keçməsi olub.
Qeyd
edək ki, əgər bu qayda illər əvvəl tətbiq olunsaydı, futbol dünyası Lionel
Messini Argentina millisində görə bilməyəcəkdi. Xatırladaq ki, əfsanəvi
futbolçu 13 yaşında "Nyuells Old Boyz"dan məhz bu sxemlə
"Barselona"ya yollanmışdı.