Həftəsonları respublika əhəmiyyətli
avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə
artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir.
Xəbərin.az xəbər
verir ki, bu barədə Bakı Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində
bildirilib.
Qeyd
olunub ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və
istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən
yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi,
diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:
"Baş
Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil
yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin
təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz
mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan
arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Baş
Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan hava şərtlərini
diqqətdən qaçırmamaq şərti ilə bir daha səfərə hazırlaşan sürücülərin diqqətinə
çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun
və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət
həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini
dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun
məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki
vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi
vacibdir".