Bu gün Azərbaycan tarixində qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi anlayışlarının rəmzinə çevrilmiş Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür.
1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gələn Mübariz İbrahimov Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi müddətdə yüksək intizamı, peşəkarlığı və vətənpərvərliyi ilə seçilib. Onun adı Azərbaycan hərb tarixində xüsusi yer tutur.
2010-cu ilin iyun ayında təkbaşına düşmən mövqelərinə keçərək göstərdiyi misilsiz igidlik Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Mübariz İbrahimovun bu addımı yalnız hərbi cəsarət nümunəsi deyil, həm də milli ruhun, torpaq sevgisinin və dövlətə sədaqətin ali təzahürü kimi qiymətləndirilir.
Onun şəhidliyi Azərbaycan cəmiyyətində güclü milli həmrəylik yaratmış, gənc nəsildə Vətənə bağlılıq və məsuliyyət hissini daha da möhkəmləndirmişdir. Mübariz İbrahimovun adı bu gün hərbi təhsil müəssisələrində, vətənpərvərlik dərslərində və elmi-tarixi tədqiqatlarda nümunəvi şəxsiyyət kimi xatırlanır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi, göstərdiyi şücaətin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir.
Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı bir daha sübut edir ki, Vətən uğrunda canından keçmək ən ali fədakarlıqdır. Onun xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, adı isə milli qürur və şərəf simvolu olaraq gələcək nəsillərə örnək olacaq.
Ruslan Goycayev