ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin Rusiya Prezidenti Vladimir Putinlə əlaqə yaratmağa çalışdığı məlum olub.
Xəbərin.az məlumat verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteynlə bağlı istintaq çərçivəsində yayımlanan 3 milyondan çox yeni sənədə əsasən, Epşteyn Putinlə görüş təşkil etmək üçün müxtəlif cəhdlər göstərib.
Sənədlərdən aydın olur ki, bir sıra yüksək vəzifəli rusiyalı rəsmilər Epşteynlə birbaşa yazışmalar aparıb. Epşteynin isə illər ərzində müxtəlif vasitəçilər və fərqli adlar üzərindən Putinlə görüş əldə etmək üçün dəfələrlə təşəbbüs göstərdiyi qeyd olunub.
Epşteynin şəxsi elektron məktublarında, 2010-cu illərdə Norveçin sabiq Baş naziri Torbyörn Yaqland vasitəsilə Putinlə görüşün təşkili üçün çoxsaylı yazışmalar aparıldığı, bu cəhdlərin 2018-ci ilə qədər fasilələrlə davam etdiyi əksini tapıb.
Ədliyyə Nazirliyinin sənədlərində həmçinin Epşteynin Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının yüksək vəzifəli məzunlarından Sergey Belyakov, Kremlə yaxın rusiyalı milyarder Oleq Deripaska və Rusiyanın BMT-dəki sabiq daimi nümayəndəsi Vitali Çurkin kimi nüfuzlu şəxslərlə də əlaqədə olduğu göstərilir.
Bununla belə, yayımlanan sənədlərdə bütün cəhdlərə baxmayaraq, Epşteynin Vladimir Putinlə real görüş keçirdiyini təsdiqləyən hər hansı rəsmi qeydin olmadığı vurğulanır.