Erzurumda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər həyatını itirib.
Xəbərin.az-ın verdiyi məlumata görə, qəza Erzurumu Tortum rayonu ilə birləşdirən avtomobil yolunun Akdağ ərazisində qeydə alınıb. Yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan və eyni ailənin üzvləri olduğu bildirilən 4 nəfər hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Təhlükəsizlik məqsədilə yolda əlavə tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır.