“İdrak”
liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da,
media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma
və yayma üsulları qətiyyən yolverilməzdir.
Xəbərin.az xəbər
verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, sözügedən addım
“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir:
"Belə ki, qaydaların “Şərəf və
ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu
bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından
sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin
çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və
ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy
göstərməlidir”.
Həmin bənddə o da bildirilir ki,
“daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna
olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya
fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində
zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq
qorumalıdır”. Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində
dayandığımız təqdimatda buna riayət edilmədi.
Media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları
müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış “Azərbaycan
Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı
orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış
“ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə
qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə
bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan
ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.
Azərbaycan Mətbuat Şurası
jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş
hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında
emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə
davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır
və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar
insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks
təmayüllərin hər biri cəmiyyətə ziyandır”.