Ukrayna yaxın vaxtlarda Rusiya ilə növbəti əsir mübadiləsinin həyata keçiriləcəyini gözləyir.
Xəbərin.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev, Moskva və Vaşinqton arasında Əbu-Dabidə keçirilən danışıqların ikinci raundunun ilkin nəticələri ilə bağlı “Telegram” kanalında paylaşım edib.
Prezident bildirib ki, bu gün nümayəndə heyətinin hesabatı dinlənilib və ABŞ tərəfi ilə təmaslar baş tutub. Rüstəm Umerov, Kirill Budanov və David Araxamiya aparılan danışıqların aralıq nəticələri barədə məlumat veriblər.
Zelenski qeyd edib ki, danışıqlar sabah da davam etdiriləcək və yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsi ilə bağlı mühüm addımın atılması gözlənilir:
“Əsirlərin evə qaytarılması vacibdir və bu istiqamətdə işlər davam edir”.
Ukrayna lideri müharibənin başa çatması üçün real addımların zəruriliyini vurğulayaraq bildirib ki, Rusiya buna hazır olmalı, tərəfdaş ölkələr isə təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiq göstərməlidirlər. O əlavə edib ki, Ukrayna xalqı vəziyyətin sülhə və müharibənin bitməsinə doğru irəlilədiyini hiss etməlidir.