“Azərbaycan və Ermənistan cəmiyyətləri gündəlik həyatlarında
sülhün real faydalarını görürlər”.
Xəbərin.az Ermənistan hökumətinin Mətbuat xidmətinə istinadən
xəbər verir ki, bu barədə Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı bildirilib.
Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi
və şahidliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh
Sammitində əldə edilmiş razılaşmaların icrasında qeydə alınan irəliləyişi
alqışlayıblar. Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşması prosesinin müsbət dinamikasının ikitərəfli formatda qorunub
saxlanması və irəli aparılmasının əhəmiyyətini qeyd ediblər.
“Tərəflər hər iki cəmiyyətin öz gündəlik həyatlarında sülhün
real faydalarını artıq gördüklərini etiraf ediblər. Onlar ikitərəfli ticarətin
başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının davam edən
ixracından, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların
Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnunluqlarını ifadə
ediblər”, - məlumatda deyilir.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan “Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və digər infrastruktur
layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
Azərbaycanın Prezidenti və Ermənistanın Baş naziri iki ölkə
arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində işi
davam etdirməyə hazır olduqlarını təsdiqləyib və ikitərəfli münasibətlərin
normallaşması prosesinə töhfə vermək məqsədilə əlaqələri davam etdirmək barədə
razılığa gəliblər.