Böyük Britaniya hakimiyyəti rusiyalı diplomatlardan birini ölkədən
çıxarmaq və onun akkreditasiyasını ləğv etmək barədə qərar verib.
Xəbərin.az xəbər
verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Məlumata görə, rəsmi London sözügedən qərarı Rusiya tərəfinin
hərəkətlərinə cavab olaraq verib. Belə ki, ötən ayın ortalarında Rusiya Federal
Təhlükəsizlik Xidməti (FSB) Moskvadakı Britaniya səfirliyinin əməkdaşının
Britaniya kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini bəyan edib. Söhbət
İnzibati və İqtisadi Departamentin ikinci katibi Qaret Samuel Deyvisdən gedir
və onun akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkəni tərk etmək tələbi
irəli sürülüb.
Məsələ ilə əlaqədar Rusiyanın Londondakı səfiri Andrey Kelin
Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Böyük Britaniyanın hadisəni
diplomatik missiyasının əməkdaşlarına qarşı qəbuledilməz təzyiq kimi
qiymətləndirdiyi və cavab tədbirlərinin görüldüyü bildirilib.
Britaniya akkreditasiyası ləğv ediləcək diplomatın adını
açıqlamayıb.