İspaniya Milli Xərçəng Araşdırma Mərkəzində (CNIO) aparılan tədqiqat çərçivəsində sağ qalma göstəricisi ən aşağı olan xərçəng növlərindən biri – pankreas xərçənginin müalicəsi ilə bağlı yeni nəticələr əldə edilib.
Xəbərin.az xəbər verir ki, araşdırmaçılar siçanlar üzərində apardıqları təcrübələrdə “üçlü kombinasiya müalicəsi” tətbiq edərək pankreas şişlərinin tamamilə məhv edilə bildiyini müəyyən ediblər.
Mütəxəssislər bildiriblər ki, bu nəticə pankreas duktal adenokarsinomu xəstələrinin sağ qalma ehtimalını artıra biləcək yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər. Tədqiqat eyni zamanda gələcək klinik sınaqlar üçün də mühüm istiqamət göstərir.
Qeyd olunub ki, sınaqlar zamanı istifadə edilən dərmanlara qarşı siçanlarda heç bir müqavimət müşahidə edilməyib.
Bununla belə, alimlər vurğulayıblar ki, müalicənin insanlar üzərində təsirini müəyyən etmək üçün genişmiqyaslı klinik sınaqların aparılması vacibdir.
CNIO-nun Eksperimental Onkologiya Qrupunun rəhbəri Mariano Barbasid açıqlamasında bildirib ki, hazırda bu üçlü müalicə üsulu ilə klinik sınaqlara başlamaq mərhələsində deyillər.
Qeyd edək ki, “üçlü kombinasiya müalicəsi” xərçəng hüceyrəsini eyni anda üç fərqli mexanizm vasitəsilə hədəf alan üç ayrı dərmanın birlikdə tətbiqini nəzərdə tutur.