“YouTube” süni intellekt tərəfindən yaradılan kontent paylaşan bir neçə iri kanalı eyni vaxtda platformadan silib.
Xəbərin.az “The Verge” nəşrinə istinadən xəbər verir ki, “Kapwing” xidmətinin hesabatına əsasən, bu tip kontentlər arasında ən populyar kanallardan biri olan “CuentosFacianantes” artıq əlçatan deyil. Kanalın 5,9 milyondan çox abunəçisi, 1,2 milyarddan artıq baxışı olub.
Qeyd olunur ki, 2025-ci ilin noyabrında “CuentosFacianantes” ən populyar süni intellekt kontent kanalı kimi göstərilmişdi. Kanal əsasən “Dragon Ball” mövzusunda aşağı keyfiyyətli videolar paylaşmaqla tanınırdı.
Reytinqdə ikinci yerdə qərarlaşan və 5,8 milyondan çox abunəçisi olan “Imperio de Jesus” kanalı da platformadan silinib.
Bundan başqa, “Kapwing” siyahısında yer alan daha 16 kanal ya tamamilə bağlanıb, ya da bütün məzmunu silinib. Onların sırasında “Heroes de Fantasia”, “Adhamali-0” və “Roupa25” kanalları da var.
“Super Cat League” kanalı isə hələlik platformada qalsa da, ondakı bütün videolar silinib. Sözügedən kanalların hər birinin 2 milyondan çox abunəçisi olub.