“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçularının İngiltərənin “Liverpul” klubu ilə oyunda ən yaxşı performanslarından birini nümayiş etdirəcəklərinə inandığını bildirib.
Xəbərin.az məlumat verir ki, təcrübəli mütəxəssis bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Qurban Qurbanov qarşıdakı oyunun əhəmiyyətinə diqqət çəkib:
“Əsas mərhələdə son oyunumuza çıxırıq. Möhtəşəm stadionda və güclü azarkeş dəstəyi qarşısında oynayacağıq. ‘Liverpul’un heyətində hər zaman qələbəyə köklənmiş futbolçular var. Biz də istəyirik ki, İngiltərədə layiqli oyun göstərək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini nümayiş etdirəcəklər”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.