Xarici işlər nazirinin müavini Vahid Cəlalzadə bildirib ki, ABŞ-ın beynəlxalq hüquqa zidd olan qanunsuz müdaxilələri və regionda həyata keçirdiyi aqressiv addımlar qeyri-sabitliyə, təhlükəsizliyin pozulmasına, terrorizmin və digər təhlükəsizlik təhdidlərinin yayılmasına səbəb olub.
Xəbərin.az İran mediasına istinadən xəbər verir ki, Cəlalzadə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Fərhad oğlu Hacıyevlə görüşdə İranda baş verən son iğtişaşlardan da danışıb. O qeyd edib ki, ilkin mərhələdə dinc ictimai etirazlar xarici əlaqələri olan zorakı qrupların təsiri ilə zorakılığa çevrilib və bu hadisələr nəticəsində bir sıra iranlı həlak olub.
O, İran hökumətinin və xalqının ölkənin müstəqilliyini, suverenliyini və milli təhlükəsizliyini qorumaq və müdafiə etməkdə qətiyyətli olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, son iğtişaşlar zamanı həlak olanların dəfn mərasində İran xalqının fəal iştirakı milli həmrəyliyin və birliyin bariz nümunəsidir.
Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və müxtəlif sahələr üzrə birgə layihələrin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş prinsipial siyasətinə toxunaraq, ölkəsinin digər dövlətlərin daxili işlərinə hər hansı xarici müdaxiləyə qarşı olduğunu bildirib.
Görüşdə tərəflər, İran və Azərbaycan arasında yüksək səviyyəli rəsmilər arasında əldə olunmuş ikitərəfli razılaşmaları, o cümlədən xarici işlər naziri Abbas Araqçinin Bakıya son səfəri və Azərbaycan Respublikasının Prezidenti və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələləri, eləcə də regional səviyyədə qarşılıqlı maraq doğuran bir sıra mövzuları müzakirə ediblər.