Elə illər, elə günlər var ki, unudulmur. Unudulmamalıdı. 20 Yanvar 1990-cı il həmin tarixlərdəndir. 36 il əvvəl... Azərbaycan tarixinin ən faciəli günü.
Düz 36 il əvvəl vətənimizin igid, qəhrəman övladları öz vətənlərinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq həmin gecədə canlarından keçdilər. Ən uca zirvə olan şəhidlik zirvəsinə ucaldılar. SSRİ rəhbərliyinin Azərbaycana qarşı olan qərəzli siyasəti və həmin rəhbərliyin ordusunun iri hərbi birləşmələrinin ölkəmizə yeridilməsi həmin gün faciəyə yol açdı. Tarix belə faciəyə şahid olmamışdır. Misli görülməmiş bu faciə böyük itkilərlə, insanların ölümü ilə nəticələndi. Bu faciə ilə Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz şəkildə həbs olundu. 200 mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları yanğın nəticəsində məhv edildi. O gecə vətən övladlarının tək əmlakı yandırılıb məhv edilmədi. O gecə həm də onların ümidləri, inamları kül oldu. Əlbəttə, bu cinayət xalqımızın iradəsini qıra, azadlıq sevgisini məhv edə, mübarizəsinə qarşı gələ bilmədi. Onların azadlıq hərəkatı hər nəsil üçün bir dərs olaraq qalacaq. Onların igid, mərd çıxışları xalqımızın azadlıq hayqırışları idi. Bir ümid toxumu idi.
O qanlı şənbədə, o qanlı gündə Azərbaycan xalqı zülmlərə məruz qalsalarda bütün dünyaya səslərini eşitdirdilər. Dünyaya, ən əsası əzəli düşmənlərimizə qorxmaz olduqlarını, torpaqları üçün qanları və canlarıyla mübarizə apardıqlarını, qadın, kişi, gənc demədən silahlı qüvvələr qarşısında yalınayaqla qəhrəmancasına dayandıqlarını nümayiş etdirdilər. Elə bu səbəbdən tariximizin qanlı səhifəsi olmaqla yanaşı, həm də tariximizin ümid və qəhrəmanlıq səhifəsidir. O gecə torpağa düşən hər damla qan millətimiz üçün azadlıq toxumu oldu.
Həmişə bilməliyik, millətin sarsılsada sınmayan ruhunun adıdır 20 Yanvar. Biz bu adı unutmamalıyıq, unutdurmamalıyıq. O bizə, bizdən əvvəlki vətən övladlarına öyrətdi ki, azadlıq susqunluqla yox, can bahasına qorunar.
Lamiyə Cənnətzadə