Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri akademik Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli yanvarın 6–8-də Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olublar.
Xəbərin.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra ali təhsil müəssisələrinin və dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirib. İlk görüş yanvarın 6-da Ankara Musiqi və İncəsənət Universitetində rektor Ərhan Özden ilə baş tutub. Görüşdə Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və tərəflər arasında anlaşma protokolu imzalanıb.
Həmin gün nümayəndə heyəti TÜRKSOY-un başqan müavini Sait Yusufla görüşüb. Görüş zamanı təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Daha sonra Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Arıcan Xəzər Universitetinin nümayəndələrini qəbul edib və iki universitet arasında əməkdaşlıq protokolu imzalanıb.
Yanvarın 7-də nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya və məhkəmənin üzvü Yılmaz Akçil ilə görüşüb. Görüşdə Kadir Özkaya məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat verib, Hamlet İsaxanlı isə Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb və rektoru Bakıya dəvət edib. Qonaqlar Konstitusiya Məhkəməsinin tarixi muzeyi ilə də tanış olublar.
Həmin gün Xəzər Universitetinin nümayəndələri Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran tərəfindən qəbul edilib. Görüşdə gələcək illərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru professor Uğur Ünal və Ankara Universitetinin rektoru professor Necdat Ünivar ilə görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq yüksək qiymətləndirilib və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Eyni gün Xəzər Universitetinin nümayəndə heyəti Orta Doğu Texniki Universitetinin rektoru professor Ahmet Yozgatlıgilin qonağı olub. Görüş zamanı iki universitet arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilib.
Ankarada keçirilən görüşlər zamanı qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.