Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ekspert rəyi: Ağıllı cihazlara aludəçilik

10 Yanvar 2026, 23:59 Müsahibə 457 baxış
Ekspert rəyi: Ağıllı cihazlara aludəçilik

Texnologiyanın gətirdiyi rahatlıqlar danılmazdır, lakin ağıllı cihazlardan nəzarətsiz istifadə getdikcə psixoloji asılılıq və sağlamlıq problemlərinə səbəb ola bilər. Uşaqlardan böyüklərə qədər ekran qarşısında sərhədsiz vaxt keçirmək həm ruhi pozğunluqlara, həm də görmə zəifliyinə yol aça bilər.

Mövzu ilə əlaqədar uşaq psixoloqu Zeynəb Əyyubova "Xəbərin.az"a açıqlama verib:

"Ekran asılılığı müasir dövrdə uşaqların psixi, emosional və sosial inkişafı üçün ən ciddi risk faktorlarından biridir. Texnologiya düzgün və nəzarətli istifadə edildikdə faydalı ola bilər, lakin nəzarətsiz və uzunmüddətli istifadə uşağın inkişaf edən psixikasına ciddi zərər vurur.

İlk növbədə, ekran asılılığı uşaqlarda diqqət və konsentrasiya problemlərinə səbəb olur. Davamlı sürətli görüntülər, oyunlar və qısa videolar beynin dərin diqqət mexanizmini zəiflədir. Nəticədə uşaq dərs oxumaqda, tapşırıqları sona çatdırmaqda və müəllimi dinləməkdə çətinlik çəkir. Bu hal zamanla akademik uğursuzluq və özünə inamın azalması ilə nəticələnir.

Emosional baxımdan ekran asılılığı uşaqlarda aqressiya, səbirsizlik və emosional tənzimləmə problemləri yaradır. Ekran qarşısında uzun müddət qalan uşaq real həyatda istəkləri dərhal qarşılanmadıqda daha tez əsəbiləşir, ağlayır və ya aqressiv reaksiya verir. Xüsusilə zorakı məzmunlu oyunlar və videolar uşağın davranış modellərinə təsir edərək empati hissini zəiflədir.

Sosial inkişaf da ciddi şəkildə zərər görür. Ekran asılılığı olan uşaqlar canlı ünsiyyətdən uzaqlaşır, dostluq münasibətləri qurmaqda çətinlik çəkir və sosial bacarıqları zəif inkişaf edir. Onlar duyğularını ifadə etməkdə, qarşı tərəfi anlamaqda və problemləri dialoq yolu ilə həll etməkdə çətinlik yaşayırlar. Bu isə gələcəkdə sosial təcrid və özünəqapanma riskini artırır."

Bu mövuda valideyn nələr etməlidir? Hansı alternativlərə əl atmalıdır?

"Valideynlər bu məsələdə passiv müşahidəçi yox, aktiv yönləndirici olmalıdırlar. Ən vacib addım valideynin öz davranışı ilə nümunə olmasıdır. Uşaq valideynini daim telefonla görürsə, ekrandan uzaq qalmaqla bağlı verilən tövsiyələr təsirsiz qalacaq. Ev daxilində ekran istifadəsi ilə bağlı aydın və sabit qaydalar müəyyən edilməlidir.

Uşağın yaşına uyğun gündəlik ekran vaxtı məhdudlaşdırılmalı və bu zaman keyfiyyətli məzmun seçilməlidir. Ekran alternativləri təqdim olunmadan qadağalar qoymaq düzgün deyil. Uşağın boş vaxtını idman, yaradıcı fəaliyyətlər, açıq havada oyunlar və ailə ilə keyfiyyətli ünsiyyətlə doldurmaq vacibdir. Bu, uşağın həm emosional ehtiyaclarını qarşılayır, həm də ekrana olan tələbatını azaldır.

Valideyn-uşaq münasibətində emosional yaxınlıq xüsusi rol oynayır. Uşaq özünü dinlənilmiş və başa düşülmüş hiss etdikdə, virtual dünyaya qaçış ehtiyacı azalır. 

Ekran problemi təkcə texnologiya problemi deyil, münasibət və tərbiyə məsələsidir. Erkən müdaxilə və düzgün valideyn yanaşması ilə uşağın psixoloji sağlamlığını qorumaq və sağlam inkişafını təmin etmək mümkündür."


Lamiyə Cənnətzadə