Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbərin.az-a verilən məlunata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.
Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Nərimanov rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.