Türkiyə Superkubokunun yarımfinal mərhələsində “Qalatasaray” və “Trabzonspor” komandaları qarşılaşıb. Qaziantep stadionunda təşkil olunan görüşdə üstün oyun sərgiləyən tərəf İstanbul təmsilçisi olub.
Matçın ilk hissəsində oyuna nəzarəti ələ alan “sarı-qırmızılılar” 38-ci dəqiqədə Barış Alper Yılmazın qolu ilə hesabı açıblar. İlk yarının sonlarında təzyiqini davam etdirən “Qalatasaray” əlavə olunmuş vaxtın 3-cü dəqiqəsində Eren Elmalının dəqiq zərbəsi sayəsində fərqi iki topa çatdırıb və fasiləyə üstünlüklə yollanıb.
İkinci hissəyə “Trabzonspor” daha fəal başlayaraq 55-ci dəqiqədə Felipe Auqustonun qolu ilə hesab arasındakı fərqi azaldıb. Bununla belə, oyun üstünlüyü yenidən “Qalatasaray”ın tərəfində olub. 63-cü dəqiqədə Yunus Akgün adını tabloya yazdıraraq komandasının üçüncü qoluna imza atıb. Qarşılaşmanın sonlarına yaxın, 81-ci dəqiqədə Mauro İkardi vurduğu qolla matçın yekun nəticəsini müəyyənləşdirib — 4:1.
Beləliklə, “Qalatasaray” inamlı qələbə qazanaraq Türkiyə Superkubokunda final mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qalatasaray”ın Türkiyə Superkubokunun final mərhələsindəki rəqibi “Fənərbaxça” – “Samsunspor” qarşılaşmasının qalibi olacaq.
Ruslan Göycəyev