Fövqəladə
Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət
Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Moskva
prospekti, 3007-ci məhəllədə fəaliyyət göstərən “Velotrek” MMC-yə məxsus
ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə”
mövzusunda təlim keçirilib.
Xəbərin.az xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
FHN-in müvafiq canlı qüvvə və texnikasının
cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin əməkdaşlarına
fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması,
habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə
bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in
əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın
zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat
veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən
istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti
yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğından mühafizə bölmələri
operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə
başlayıblar. Şərti yanğın zamanı təxliyə planına uyğun olaraq vətəndaşların
təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib, şərti zərərçəkmişlərə “ilkin
yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.