Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının
tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə
görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman
Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.
Xəbərin.az xəbər
verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi
təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.
Görüş
zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr,
milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi
xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və
ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə
mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında
əhəmiyyətli rol oynayıb.
Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.