Prezident
İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Xəbərin.az sərəncamın
mətnini təqdim edir:
1. Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində
göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd
subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və
əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görsün.
2. “Su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı
ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş
tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri
həll etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər.