Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Bütün qrip və soyuqdəyməyə qarşı tək vaksin” üzərində çalışılır

20 Fevral 2026, 23:45 Sağlamlıq 17 baxış
“Bütün qrip və soyuqdəyməyə qarşı tək vaksin” üzərində çalışılır

ABŞ-da yerləşən Stanford Universitetinin alimləri burun spreyi formasında tətbiq olunan və qrip, soyuqdəymə, öskürək növlərinə qarşı geniş qoruma təmin edə biləcək yeni vaksin üzərində araşdırma aparıblar. Tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Xəbərin.az məlumat verir ki, “universal vaksin” adlandırılan preparat heyvanlar üzərində sınaqdan keçirilib. Onun insanlarda tətbiqi üçün isə klinik mərhələnin aparılması tələb olunur. Alimlər bildirirlər ki, bu yanaşma son 200 ildən artıq müddətdə istifadə olunan ənənəvi vaksin dizaynında “radikal dəyişiklik” yarada bilər.

Hazırkı vaksinlər adətən orqanizmi konkret bir virusa qarşı müdafiəyə hazırlayır. Bu üsul ilk dəfə XVIII əsrin sonunda britaniyalı həkim Edvard Cenner tərəfindən tətbiq olunmuşdu. Yeni metod isə immun sistemini müəyyən patogenə qarşı öyrətmək əvəzinə, immun hüceyrələrinin bir-biri ilə əlaqə mexanizmini təqlid edir.

Burun spreyi şəklində istifadə olunan vaksin ağciyərlərdə yerləşən makrofaqlar – yəni ağ qan hüceyrələrini “həyəcan vəziyyətində” saxlayır. Bu da immun sistemini daxil olan müxtəlif infeksiyalara qarşı operativ reaksiya verməyə hazır hala gətirir.

Mütəxəssislər araşdırmanın hələ ilkin mərhələdə olduğunu vurğulasalar da, nəticələrin “həqiqətən ümidverici” və tibbdə mühüm dönüş nöqtəsi ola biləcəyini bildirirlər.