Məhkum cəriməni müəyyən
edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq.
Xəbərin.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar
iclasında müzakirə edilən Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişiklikdə
əksini tapıb.
Qeyd edilib ki, qüvvədə olan məcəlləyə əsasən məhkum tərəfindən
cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni
əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan
payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa
qazancına yönəldilir.
Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə
icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə
qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən
kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac
yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.
Sənəddə vurğulanıb ki, cərimənin icrasında prioritet
ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun
əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin
operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs
qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə
dəyişiklik edilib.
Beləliklə, dəyişikliyə görə, məhkum cəriməni müəyyən edilmiş
müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə ilə tərəfindən
məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə
məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.
Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun
əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə və ödənilməsi üçün kifayət etmədikdə
xüsusi məhkumun mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına
yönəldilir və bu halda "İcra haqqında" qanunun tələbin cərimənin
borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.