Əliyevlə
Vensin imzaladığı və ABŞ-Azərbaycan münasibətlərinin strateji mərhələyə
keçidini rəsmiləşdirən Strateji Tərəfdaşlıq Xartiyasında əhəmiyyətli detallar
yer alır.
“Regional Bağlantılar, o cümlədən
Enerji, Ticarət və Tranzit” başlıqlı birinci bölmədə üç məqam diqqət çəkir.
1. Azərbaycanın Naxçıvana maneəsiz
keçidi – TRİPP layihəsi (Zəngəzur dəhlizi) Bakı və Vaşinqtonun strateji hədəfi
olaraq rəsmiləşdi.
Bu layihə Vaşinqton razılaşmalarında
öz əksini tapmışdı, daha sonra TRİPP-in icrası ilə bağlı ABŞ-Ermənistan sənədi
imzalandı. İkitərəfli sənədin imzalanmasından sonra rəsmi İrəvan Zəngəzur
dəhlizinin keçdiyi ərazidə “suverenlik prinsipi” üzərində xüsusi dayanır,
“maneəsiz keçid”in üzərindən keçməyə çalışırdı. Bu, erməni ictimai rəyinə
hesablanmış mövqe olsa da, Bakı üçün Naxçıvana maneəsiz keçid razılaşmasının
Vaşinqtonla ayrılıqda rəsmiləşməsi – ABŞ-ın qarantiyasının bir daha təsdiqi
əhəmiyyətli idi. STX mətnində qeyd olunur ki, “ABŞ və Azərbaycanın Naxçıvan
Muxtar Resublikasına maneəsiz bağlantını təmin edəcək”.
2. Bakı və Vaşinqton mülki nüvə
əməkdaşlığını dərinləşdirməyi planlaşdırır: bu, Azərbaycana nüvə enerjisi
hədəfinə çatmaq, eləcə də ABŞ-ın milyardlarla investisiyasını cəlb etmək imkanı
qazandırır (Vaşinqton İrəvanla imzaladığı müqaviləyə əsasən Ermənistanın nüvə
enerjisi sektoruna 10 milyard dollar sərmayə yatıracaq);
3. Azərbaycan və ABŞ kritik mineralların Orta dəhliz vasitəsilə
qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq edəcək. ABŞ
Mərkəzi Asiya regionundan mineralların daşınmasını planlaşdırır və burada
Azərbaycanın tranzit rolu həlledici olacaq. Bu, Bakıya təkcə tranzit
imkanlarını genişləndirmək yox, həm də minerallar uğrunda genişlənən qlobal
rəqabətdə yer almaq və maraqlarını təmin etmək şəraiti yaradır.
Sənədin mühüm hissələrindən biri
ABŞ-ın Orta dəhliz marşrutundakı planlarını Azərbaycanı üzərindən qurması,
Bakını bu coğrafiyada əsas strateji tərəfdaş kimi qəbul etməsidir.
Xartiyanın “İqtisadi Sərmayələr, o
cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur” adlanan ikinci
bölməsindəki razılaşmalar Azərbaycanın önündə ABŞ-ın yüksək texnologiyalarına
çıxış və investisiya imkanlarını açır.
Üçüncü bölmədə isə təhlükəsizlik əməkdaşlığı əks olunur. Burada qeyd olunan razılaşmalar ABŞ-ın regional sülhdə və Azərbaycanın təhlükəsizliyində zamin rolunu formalaşdırır, Bakı isə beynəlxalq təhlükəsizliyin təmin edilməsində və sülhməramlı missiyada Vaşinqtona dəstək verəcək. Ən önəmli hissə iki ölkə arasında “müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək” razılaşmasıdır. Bu, Azərbaycanın müdafiə sənayesində Amerika texnologiyasından istifadə etməsi ilə yanaşı, ABŞ istehsalı olan hərbi təyinatlı məhsulların alınması imkanlarını da genişləndirir. Və Tramp Administrasiyasında 907-ci düzəlişin tamamilə ləğv edilməsi marağını gücləndirə bilər. Təhlükəsizlik əməkdaşlığı ABŞ-ın Azərbaycana minalarla mübarizədə maliyyə və texnoloji dəstək verməsini də nəzərdə tutur.