Daxili
İşlər Nazirliyi qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.
Xəbərin.az müraciətin
mətnini təqdim edir::
"Məişət zorakılığına qarşı
mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də
profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.
Bildirilib ki, bu istiqamətdə həyata
keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter
daşıyır. Zorakılığa məruz qalan hər bir qadın “Ailə içində olur belə şeylər”,
“El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə
mütləq rastlaşır. İlk baxışdan bu, şəxsi problem kimi görünsə də, əslində
gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhlükədir.
Qeyd olunmalıdır ki, “ailə məsələsi”
pərdəsi arxasında gizlənən zorakılıq bir qadının alın yazı yox, cəmiyyətin
təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir
olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi
həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır.
Məlumatda qeyd edilib ki, digər qurumlarla yanaşı DİN-in “102”
Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial
şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına,
zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat
tədbirlərin görülməsinə xidmət edir.
Bir daha vətəndaşların diqqətinə
çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun,
tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə
dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla
üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat
vermələri tövsiyə olunur.
Şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir".