Suraxanı
rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) 14-15 fevral
tarixlərində mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət
tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində
yenisinin quraşdırılması işləri ilə əlaqədar aeroport yolunda məhdudiyyət
tətbiq olunacaq.
Bu barədə Daxili İşlər Nazirliyi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 14 fevral tarixində
saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən)
"Koroğlu" metrostansiyası istiqamətində, 15 fevral tarixində isə
həmin saatlarda "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki
yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə
məhdudiyyət tətbiq ediləcək.
Alternativ yol kimi, Mərdəkan
şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı
rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni
zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr
prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.