Prezident
İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik
məktubu ünvanlayıb.
Xəbərin.az məktubun
mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli
bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı
şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ortaq dini-mədəni köklər və mehriban
qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında
əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə
Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.
Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz
dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı
faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.
Hazırda ikitərəfli gündəliyimizdə
duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir.
Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata
keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti
qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar
yaradır.
İnanıram ki, regionumuzun
təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost
və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə
səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".