Prezident İlham Əliyevin imzaladığı
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün
növ əmək pensiyaları indeksləşdirilərək artırıldı.
Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək
pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında
əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını
nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil
edilərək artım hesablanır.
Xəbərin.az xəbər verir
ki, bu sözləri deputat, iqtisadçı Vüqazr Bayramov qeyd edib.
"Artımın hesablanması formulası belədir: Pensiya məbləği X
İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan
vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3 % = 51.15
manat. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat
olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır:
400 manat X 9.3 % = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat
olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya
faizi nəzərə alınmaqla artırılacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq", - o bildirib.