10 fevral 2026-cı il tarixində
Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının
“Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun
layihəsini qəbul edib.
Xəbərin.az xəbər verir
ki, bununla Azərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinə
liderlik edən ölkəyə çevrilir.
Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi
olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin
hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət
qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli
danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin
formalaşdırılmasına substantiv töhfə verib.
“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il
tarixində BMT Baş Assambleyasında qəbul olunub.
XXl əsrin Konvensiyası hesab edilən - “Kibercinayətkarlığa
qarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə
vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk
sənəddir.
Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoy
şəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74 dövlət tərəfindən
imzalanıb (Böyük Britaniya, Fransa, Çin, Avstraliya, Belçika, Türkiyə, Polşa,
Rusiya, İspaniya, BƏƏ, İsveç və s). Həmçinin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan
adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.
Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli və
ölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqi
prosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikası bu prosesi
tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.
Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə
orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq
hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini
artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə
operativ reaksiya verilməsinə imkan yaradır.
BMT-nin rəsmi səhifəsinə əsasən,
Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə ölkədir. Bu
beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqi yanaşmanın göstəricisidir.
Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqla
mübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqi əməkdaşlığı
genişləndirməyi hədəfləyir.