Milli
Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən
çıxarılmasını son oxunuşda qəbul edib.
Xəbərin.az xəbər
verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişikliklər
parlamentin bugünkü iclasında müzakirə edilib.
Dəyişiklik layihəsinə əsasən,
beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan
materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanunun 2027-ci il iyulun 1-dən
qüvvəyə minməsi nəzərdə tutulur.
Xatırladaq ki, asbest uzun illər
ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız
sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli
materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana
2023-cü ildə 591 ton asbest və 30 min 238 ton tərkibində asbest olan təbəqələr,
2024-cü ildə isə 1 045 ton asbest və 27 min 634 ton tərkibində asbest olan
təbəqələr idxal edilib.
Asbest tərkibli dam örtükləri (şifer)
ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon
m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon
list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin
payına düşür.
Elmi araşdırmalar onun insan
sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra
ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.
Asbest liflərinin havaya qarışaraq
nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər
xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin
məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması
baxımından mühüm addım hesab olunur.
Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.