Avstraliyanın Sidney şəhəri son illərin ən çox müzakirə olunacaq polis müdaxilələrindən birinə səhnə olub.
Xəbərin.az məlumat verir ki, İsrail Prezidenti İsak Hersoqun ölkəyə səfərinə etiraz etmək məqsədilə Sidney Bələdiyyə Binası önündə toplaşan minlərlə insan polis tərəfindən sərt müdaxilə ilə üzləşib. Hadisənin ən çox etiraz doğuran məqamı isə namaz qılan müsəlman etirazçılara polisin müdaxiləsi olub.
Şahidlərin ifadələrinə və sosial şəbəkələrdə yayılan görüntülərə görə, aksiya ərazisinin yaxınlığında camaatla namaz qılan bir qrup müsəlman kişi polisin hədəfinə çevrilib. Polis əməkdaşları ibadət halında olan şəxsləri zorla ayağa qaldıraraq sürüməyə başlayıb. Namazın pozulmasına yönəlmiş bu fiziki müdaxilə ətrafdakı etirazçıların ciddi narazılığına səbəb olub.
Avstraliya Milli İmamlar Şurası məsələ ilə bağlı yaydığı bəyanatda bildirib:
“İsrail Prezidentinin qorxunc səfərinə qarşı etirazlar zamanı şəhərdə namaz qılan müsəlmanların polis tərəfindən sərt şəkildə itələnməsi və zorla yerindən tərpədilməsi ilə bağlı son görüntülər şokedici, son dərəcə narahatedici və tamamilə qəbuledilməzdir.”
Şura ABŞ mərkəzli X sosial şəbəkəsində paylaşdığı açıqlamada polisin “dini ibadətə müdaxilə etməməli və onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirməməli” olduğunu vurğulayıb. Bildirilib ki, bu görüntülər ciddi narahatlıq doğurub və məsələ ilə bağlı NSW Polis Komissarı və aidiyyəti nazirlərə təcili müraciət edilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Yeni Cənubi Uels (NSW) Hökuməti və Baş nazir Kris Minns bu davranışa görə məsuliyyət daşımalı və ən yüksək səviyyədə hesabatlılıq təmin edilməlidir.