Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri
Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Xəbərin.az xəbər
verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın Əsas Amerika Yəhudi
Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri
məmnunluqla xatırlanıb.
Qəbula görə
dövlət başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın
strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq
əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük
nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.
Betsi Berns Korn
ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli
aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə
təbriklərini çatdırıb. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş
etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğulayıb.
Dövlət başçısı
təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ
Prezidenti Donald Trampın roluna toxunub. Azərbaycan və Ermənistan tərəfinin
artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev
bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə
verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional
əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.
Donald Trampın hakimiyyətə gəlməsindən sonra
Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son
6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli
münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.
Görüşdə
Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib, digər xalqların
nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına
toxunulub.
Söhbət zamanı
Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirilib, Əsas Amerika
Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu
əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail
ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulanıb.