Mədəni
sərvətləri qəsdən korlama və ya məhv etmə səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılacaq.
Xəbərin.az Trend-ə
istinadən xəbər verir ki, Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər
fevralın 1-dən qüvvəyə minib.
Belə
ki dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən
korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan
yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət
nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılacaq.
Dövlət
tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayət
nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılacaq.
Dövlət
tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayət
nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya
üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm
zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyət haqqında" Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.