Rusiyanın
son hücumu zamanı 400-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli təxminən
40 raket tətbiq olunub.
Xəbərin.az Unian-a
istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın
son hücumu ilə bağlı açıqlamada deyib.
Onun
sözlərinə görə, əsas hədəf Ukraynanın enerji şəbəkəsi, elektrik istehsalı və
paylayıcı yarımstansiyalar olub.
Prezident
qeyd edib ki, hücum nəticəsində Volın, İvano-Frankovsk, Lvov və Rivne
vilayətlərində enerji infrastrukturu zədələnib. Bundan əlavə, Rivnedə
çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, Vinnitsa vilayətinin Ladıjin
şəhərində isə dronlar aqrar kollecin inzibati binasını vurub.
Zelenski
əlavə edib ki, Kiyev və Xarkov vilayətləri də zərbələrə məruz qalıb, bəzi
bölgələrdə hava hücumundan müdafiə qüvvələri fəaliyyətini davam etdirir.
“Rusiya
hər gün real diplomatiyanı seçə bilər, amma yeni zərbələr endirməyə üstünlük
verir. Moskvanın Ukraynaya soyuqla təzyiq göstərmək imkanları əlindən
alınmalıdır”, – Zelenski vurğulayıb.
O,
bunun üçün “Patriot”, NASAMS və digər sistemlər üçün əlavə raketlərin vacib
olduğunu bildirib.
Zelinski
həmçinin tərəfdaş ölkələrə dəstəyə görə təşəkkür edib və hər bir yardım
paketinin Ukraynanın qışı daha təhlükəsiz keçirməsinə kömək etdiyini qeyd edib.
Xatırladaq
ki, 19 noyabr 2025-ci ildə Rusiya İvano-Frankovsk vilayətinə də zərbə endirib,
hücumun əsas hədəfi enerji infrastrukturu olub.