Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması ilə bağlı yaradılması planlaşdırılan Sülh Şurasında iştirak təklifini rəsmi şəkildə qəbul edib.
Xəbərin.az bildirir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, Macarıstan hökuməti ABŞ liderinin bu təklifini ölkə üçün böyük diplomatik etimad və şərəf kimi qiymətləndirir. Viktor Orban ABŞ administrasiyasına bu qərarın çatdırılmasını birbaşa Peter Siyartoya tapşırıb.
Siyarto vurğulayıb ki, Budapeşt Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında fəal rol oynamağa hazırdır. Onun fikrincə, Qəzza və ümumilikdə regionda davam edən gərginlik Avropanın təhlükəsizliyinə, miqrasiya proseslərinə və iqtisadi sabitliyinə ciddi təsir göstərir. Məhz bu səbəbdən Macarıstan sülh təşəbbüslərində iştirak etməyi strateji əhəmiyyətli hesab edir.